Qara və əlvan metallurgiya

Metallurgiya sənayesi iki – qara və əlvan metallurgiya sahələrinə ayrılır.

Respublikamızda metallurgiya sənayesinin inkişafını müəyyən edən amillər aşağıdakılardır:

  1. Bol və rəngarəng mineral xammal ehtiyatlarının olması;
  2. Müxtəlif metal tullantılarının mövcudluğu;
  3. Yerli enerji ehtiyatlarının – neft və qazın olması;
  4. Metal tələbatlı sənaye və tikinti sahələrinin geniş inkişafı;
  5. İxtisaslı kadrların və əmək ehtiyatlarının kifayət qədər olması;
  6. Mövcud maddi-texniki baza əsasında yeni sahələrin yaranma imkanı.

Qara metallurgiya – dəmir filizinin çıxarılması və saflaşdırılması, çuqun və poladın əridilməsi, prokat və ferroərintilərin istehsalından ibarətdir. Metallurgiya sənayesində xammalı ardıcıl emal etməkdə kombinatlar (bir-biri ilə sıx istehsal əlaqələrinə malik müəssisələr sistemi) üstünlük təşkil edir. Elmi-texniki tərəqqi bu kombinatlarda daha məhsuldar, tullantısız texnologiya tətbiqinə şərait yaradır və nəticədə prokatın müxtəlif növlərini əldə etməyə imkan verir.

Metallurgiya maşınqayırma və metal emalı sahələrinin inkişafının əsasıdır. Metallurgiya külli miqdarda xammal (yerin təkindən çıxan faydalı qazıntı) və yanacaqdan istifadə edir. Ona görə də, kombinatlar xammal və ya yanacaq ehtiyatlarının yaxınlığında, bəzi hallarda isə onların arasında yerləşdirilir. Ölkəmizdə qara metallurgiya, əsasən, neft-qaz sənayesinin tələbatı (boru istehsalı) ilə əlaqədar yaradılmış, sonradan digər sənaye sahələrini inkişaf etdirmək üçün genişləndirilmişdir. Azərbaycanda  Gəncə-Daşkəsən və Abşeri\on metallurgiya bazaları (filiz və yanacaqdan birgə istifadə edən metallurgiya zavodları qrupu) formalaşmışdır, lakin son illərdə Abşeron metallurgiya bazası daha çox metal tullantılarına əsaslanır. Qara metallurgiyanın əsas müəssisəsi Daşkəsən dağ-mədən kombinatıdır. Respublikamızda qara metallurgiyanın inkişafı Qoşqarçayın vadisində 4 yataqda (Daşkəsən, Cənubi Daşkəsən, Hamançay, Dəmiroğlu) olan Daşkəsən dəmir filizi ilə bilavasitə əlaqədardır. Sumqayıt boru-prokat, Bakı təkrar qara metallurgiya zavodu, Bakı polad istehsalı şirkəti və iri maşınqayırma zavodlarının nəzdində olan metaləritmə sexləri də iri müəssisələrdəndir. Metallurgiya sənayesinin inkişafı üçün bentonit gilinin rolu böyükdür. Bentonit gilindən fasiləsiz polad əridilməsində, odadavamlı metaltökmə qəlibin hazırlanmasında geniş istifadə olunur.

Əlvan metallurgiya – əlvan metal filizlərinin hasilatından, saflaşdırılmasından, əridilməsindən və müxtəlif ərintilərin alınmasından ibarətdir. Əlvan metallar müxtəlif qruplara bölünür:Metallar-page-001Yüngül əlvan metal filizlərinin tərkibində metal 25-30%-ə yaxındır. Bu metallar ərimə zamanı yüksək enerji tələb etdiyi üçün enerji tutumludur. Ona görə onların müəssisələri ucuz elektrik enerji mənbələrinə və istehlakçıya yaxın yerləşdirilir. Ağır əlvan metal filizlərinin tərkibində metalın çox az olması onların hasil olunduğu yerlərdə saflaşdırılmasını və ilkin emalını tələb edir. Filizin tərkibində bir neçə metal varsa, o, polimetal filizi adlanır. Ağır əlvan metal filizləri polimetal şəklində çıxdığı üçün saflaşdırılır və konsentrat alınır (metallar ayrılır). Qara metallurgiya sənayesində bəzi əlvan metal filizlərini (xrom, nikel, titan, volfram, vanadium) dəmirlə qarışdırdıqda daha yüksək keyfiyyətli polad almaq mümkündür.

Alüminium yer qabığında ən çox yayılmış yüngül metaldır. Respublikada alüminiumun əsas xammalı olan alunit Daşkəsən rayonunda Zəylik mədənindədir. Süxurun tərkibi çox zəngindir (xlorid, opal, kolçedan, barıt və s.). Burada çıxarılan filiz asma kanat yolu ilə bunkerlərə, oradan da Quşçu-Alabaşlı dəmir yolu vasitəsilə Gəncə gil-torpaq birliyinə daşınır. Əldə edilən alüminium-oksid Sumqayıt alüminium zavoduna gətirilir və ondan alüminium istehsal edilir. Əlvan metallurgiya qara metallurgiya ilə müqayisədə gənc və daha yüksək sürətlə inkişaf edən sənaye sahəsidir. Onun əsas müəssisələri Sumqayıt və Gəncə alüminium zavodları, Bakı və Gəncə əlvan metalların emalı zavodlarıdır. Azərbaycanda əlvan metallurgiyanın inkişafı üçün Kiçik Qafqaz ərazisində, Naxçıvan və Şəki-Zaqatala iqtisadi rayonlarında yerləşən polimetal yataqlarının böyük sənaye əhəmiyyəti vardır. Bundan başqa, Naxçıvanda və Kiçik Qafqaz ərazisində 50-dən çox civə yatağı kəşf edilmişdir ki, bunlardan ən məşhurları Kəlbəcər rayonunda yerləşir. Göründüyü kimi, Naxçıvanda, Yuxarı Qarabağda, Şəki-Zaqatalada, Kəlbəcər-Laçında əlvan metallurgiya sənayesinin inkişafı üçün perspektivlər böyükdür. Azərbaycanda metallurgiya sənayesinin ən gənc sahəsi elektrometallurgiya (metalların elektrik üsulu ilə əridilməsi) və ovuntu metallurgiyasıdır. Müxtəlif metal və qeyri-metal ovuntularının qarışığından hazırlanan metal məmulatlar həm keyfiyyətinə, həm də ucuz olmasına görə fərqlənir. Bakıda bürünc və tunc ovuntuları istehsal olunur, çətin əriyən birləşmələr sintez edilir.


Bir şərh yazın